www.behmenli.tr.gg
  ƏSAS SƏHİFƏ
 
Rayonun ən qədim kəndlərindən sayılan Böyük Bəhmənli ərazisində miladın ilk yüzilliklərində Bəhmən şəhəri yerləşib. Ötən əsrin 50-ci illərinin sonlarına qədər qalıqları qalmış bu şəhərin Sasani hökmdarları tərəfindən salındığı güman olunur. Ötən əsrin ortalarında kolxozlaşmanın vüsət aldığı bir vaxtda şəhərin qalıqları məhv edilərək ərazidə əkin sahələri salınıb. Böyük Bəhmənli ərazisində qədim türk tayfalarına məxsus kurqanlar, həmçinin daha bir şəhər qalığı, on oğuz (haylandur) türklərinə məxsus və hazırda Haylan adı ilə tanına ərazilər mövcuddur. Kəndin ərazisində həmçinin Qızılbaş, Alaqarğı, Gözarası, Palıdlı bağ, Şirvan ata, Çalağay kimi tarixi yer adları bu gün də qalmaqdadır. Bir sıra tarixi mənbələr bəhmənlilərin Mərkəzi Asiyadan gəldiyini qeyd edirlər. «Qarabağnamələr» və digər tarixi sənədlər Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın da Bəhmənlidən olduğunu qeyd edirlər. «Bəhmənli oymağı Cavanşir elinin böyük və qədim qollarından biridir. Qarabağ xanlarının ulu babası Pənahəli ağa Gəncə-Qarabağ bəylərbəyləri olan Ziyadoğlu-Qacarlara xidmət edirdi. Sonra xidmətdən çıxıb elinə döndü. Cavanşir elinin Bəhmənli oymağında məskunlaşdı. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği «Qarabağnamə» adlı əsərində yazır: «Pənahəli bəy əslən Sarıcalı tayfasındandır…Gəncə vilayəti xanlarının işi tərəqqidə olduğu zaman o, Gəncə tərəfə gedib onların (Gəncə xanlarının) hüzurunda xidmət etdi. Uca himmət sahibi olan Pənahəli bəy qulluq etməyi özünə layiq görmədi. O, Qarabağ vilayətinin Cavanşir oymağına gəldi. Şir qüvvətli cavan bəxti ona yar olub, çox varlandı. Evləndi, əziz və xoşbəxt bir oğlu oldu. O, yüksəklik səması parlaq ulduzunun adını Əli qoydu.(Bax: Qarabağnamələr, 1-ci kitab, Bakı, 1989, səh.31). Sarıcalıların babası Sarıca Əlinin anası Bəhmənli qızıdır. XVIII yüzilin önlərində Cavanşir elinə bağlı olan Bəhmənli oymağı Lənbəran torpağında qışlayırdı. 14 tüstüdən ibarət idi. Oymağa Əliqulu ağa Məşuq ağa oğlu başçılıq edirdi. 1735-ci ildə Nadir şah oymağı Xorasan əyalətinin Sərəxs yörəsinə sürgün etdi. Şahın ölümündən sonra sürgündən qayıdan oymaq əski yurdunda deyil, Arasbarda qədim Alaqarğu kəndinin ərazisində yerləşdi. Bu yurd Sarıcalı oymağına məxsus idi. Bəhmənli oymağı Böyük Bəhmənli, Bala Bəhmənli obalarına bölündü. Bəhmənli oymağının başçılarından biri Ağa bəy idi. Ağa bəy Bəhmənli oymağını idarə etmişdi. Ağa bəyin Alı bəy, Bəylər bəy adlı qardaşları vardı. Alı bəy qardaşından sonra oymaqlarına başçılıq etmişdi. Alı bəyin Zeynalabdin bəy (1784-1861), Bəhmən bəy (1788-1856), Xudadad bəy (1794-1845), Məhəmməd bəy (1796-?), Əhməd bəy (1798-?) adlı oğulları vardı. Ağa bəyin, Bəylər bəyin övladları Bala Bəhmənli obasında məskunlaşmışdılar. Ağa bəyin oğlu Baba bəy (1792-?) Bala Bəhmənli obasına başçılıq etmişdi. Əhməd bəy, Xudadad bəy öncə Bala Bəhmənli obasında məskunlaşsalar da sonra Alaqarğu yurdunun yuxarı hissəsinə köçdülər. Orda Əhmədbəyli obasını yaratdılar. Bəhmən bəy Cəfərqulu xan Sarıcalı-Cavanşirin yanında xidmət edirdi. Bir müddət Babı kəndində əyləşmişdi. Ordan Əhmədbəyli obasına köçüb qardaşlarının yanında yaşamağa başladı. Zeynalabdin bəy Alı bəy oğlu Bəhmənli obasının yüzbaşısı olmuşdu. Məhəmməd bəy Alı bəy oğlu Böyük Bəhmənli obasında rəiyyət kimi dövran sürmüşdü. Sonradan onun törəmələrinin əsas hissəsi Böyük Bəhmənlidən ayrılıb Əhmədbəyli obasının yanında bir şenlik yaratdılar. Həmin şenlik Murtuzalılar adlanırdı». (Бах: Ənvər Çingizoğlu, Fazil Baxşəliyev, Qarabağın el və obaları, Bakı, "Şuşa", 2007, 224. səh) Bu gün Böyük Bəhmənli kəndində 40-a yaxın tayfa və tirələr mövcuddur. Bunlardan ən böyükləri kimi Kəbirli, Qarçığay, Məmmədli, Qurbanlı, Zeynallı,Abdullalar, Qara Qasımlı və s. göstərmək olar. Birinci Qarabağ müharibəsinin ağrı acısını yaşayan Böyük Bəhmənli kəndi 1993-cü ilin noyabr ayından 1994-cü ilin yanvar ayının 5-dək Ermənistan ordusunun işğalı altında olub. İşğal nəticəsində kənddə 80-dən artıq ev, həmçinin xəstəxana və bir məktəb binası yandırılıb və ya dağıdılıb. Müharibə nəticəsində kənd 52 şəhid verib ki, onlardan 25 nəfəri mülki, 27 nəfəri isə hərbçilər olub. Böyük Bəhmənli uğrunda gedən döyüşlərdə Azərbaycan ordusunun 50-dən artıq əsgəri şəhid olub. Düşmənin 10-dan artıq zirehli texnikası vurulub, 50-dən artıq canlı qüvvəsi məhv edilib. Kəndin şəhidlərinə və Azərbaycan Daxili Qoşunlarının qəhrəmanlıq göstərərək şəhid olmuş əsgərlərinin xatirəsinə abidə ucaldılıb. Böyük Bəhmənli kəndi Füzuli rayonunun ən böyük yaşayış məntəqələrindəndir. Hazırda Böyük Bəhmənli bələdiyəsində 6171 nəfər əhali yaşayır. Böyük Bəhmənli kəndində 20 ilə yaxındır musiqi məktəbi fəaliyyət göstərir. Bu məktəbə yarandığı gündən Hüseynqulu Əliyev rəhbərlik edir. Məktəbi bitirənlər arasında sonradan respublikanın ali mədəniyyət ocaqlarının məzunu olmuş onlarla şəxs var. Böyük Bəhmənli kəndində hazırda bir məscid mövcuddur. SSRİ qurulmazdan öncə kənddə iki məscid olub. Kollektivləşmə illərində məscidlərdən biri mağazaya, digəri isə dərman anbarına çevrilib. XIX əsrdə inşa edilmiş məscidin binası uzun illər kimyəvi praparatlar saxlanıldığından sıradan çıxıb. Hazırda həmin məscidin yaxınlığında yeni tikilmiş məscid mövcuddur. Böyük Bəhmənlidən indiyədək 1000-dən artıq şəxs respublikanın və keçmiş SSRİ-nin ali təhsil müəssisələrini bitirib. Tanınmış şair Vaqif Bəhmənli, yazıçı Arif Şükürov, jurnalistlər Bəhrəm İbrahimov, Faiq Qismətoğlu, Söhbət Səfərli, Şükür Şənol,Rəşad Süleymanov məhz bu kəndin yetirməsidir. Ədəbiyyatın tədrisi metodika sahəsində respublikamızda tanımış ziyalılardan olan pedaqoji elmələr namizədi dos. Fəxrəddin Yusifov da əmək fəaliyətinə bu kənddə başlamışdır.XX əsrin əvvəllərində Murtuza ağa Bəhmənli, həmçinin Bakı şəhəri Səbail rayonunun prokuroru Şirxan Adıgözəlov, Respublika Baş Prokurorluğunun əməkdaşı Kamran Əhmədov, Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkimi, dosent Əyyub Məmmədov, Ukrayna Respublikasının Fəxri Vətəndaşı, Böyük Vətən Müharibəsi qəhrəmanı Yusif Süleymanov bu kənddə doğulub. Böyük Bəhmənli kəndində 2 orta məktəb, 1 xəstəxana, asfalt zavodu, su anbarı, dəmir yolu dayanacağı var. Hazırda kənddə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vəsaiti hesabına müasir tibb-diaqnostika mərkəzi inşa olunur. Kənd İranla dövlət sərhədində yerləşdiyindən burada həmçinin sərhəd zastavası da yerləşir. Kənd 1980-cı illərədək rayonun əsas pambıq istehsalçısı olan yaşayış məntəqələrindən sayılıb. Ötən əsrin 80-ci illərində pambıq sahələrinin üzüm sahələri ilə əvəzlənməsi nəticəsində kəndin iqtisadiyyatında üzümçülük əsas yeri tutub. Rayonda istehsal edilən üzümün 24-30%-ni Böyük Bəhmənli verib. Kəndin ərazisində inşa edilmiş üzüm emalı müəssisəsi müharibədə ermənilər tərəfindən dağıdılıb. Hazırda kənd camaatının əsas məşğuliyyətini bitkiçilik, taxılçılıq, bostan və tərəvəz məhsullarının becərilməsi, maldarlıq təşkil edir.
 
  Bugün 1 ziyaretçi (2 klik) kişi burdaydı!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol